Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gəncliyə Yardım Fondunun və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş ön xətdə düşmənlə üz-üzə dayanan, torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.
Əvvəlcə tədbir iştirakçıları 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra qonaqlar əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə tanış olublar.
Daha sonra gənc müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.
Sonda xatirə şəkli çəkilib, hərbi hissənin şəxsi heyətinə hədiyyələr verilib.