Coğrafiyaçı alim: Bayılda sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür
Bakı, 2 mart, AZƏRTAC
Son vaxtlar Bakıda, xüsusilə Bayıl yamacında tikinti zamanı ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidrogeoloji xüsusiyyətləri nəzərə alınmır. Nəticədə bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çat və çökmələr baş verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun iclasında bu elmi müəssisənin geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər Bayıl yamacının sürüşmə zonasında vəziyyət haqqında məruzə ilə çıxışı zamanı deyib. Həmin ərazini dəfələrlə tədqiq və müşahidə edən S.Tarixazər bildirib ki, Bayıl sakinləri ilə görüşüb, onların məsələyə münasibətlərini öyrənib, eləcə də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla mövcud problemlə əlaqədar fikir mübadiləsi aparıb.
Tədqiqatçı vurğulayıb ki, tikinti zamanı işlər aktiv sürüşmə zonalarının təyini istiqamətində aparılmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin səbəbi relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meyilliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi təbii və antropogen amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır.
Alimin fikrincə, əgər yaxın vaxtlarda yeraltı sular sızmasının qarşısının alınması, torpağa olan təzyiqin azalması və burada meşə-park zonasının salınması kimi profilaktik tədbirlər görülərsə, artmaqda olan sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür.