Coğrafiyaçı alimlər: Çayda azalmalar belə davam edərsə, vəziyyət daha da ağırlaşa bilər
Bakı, 16 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Mirnuh İsmayılov, Səidə Zeynalova və Gülnar Hacıyeva Salyan və Neftçala rayonlarında çöl tədqiqatında olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, aparılan landşaft-ekoloji monitorinq və elmi tədqiqatın məqsədi Azərbaycanın aran regionunda şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyətin tədqiqi olub.
Alimlər aran regionunun digər ərazilərinə nisbətən Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığının daha kəskin vəziyyət aldığını müşahidə ediblər: Kür çayı quruyub, yatağında axını olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, yataq əmələ gəlib. Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 metr aşağı düşüb.
Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar: “Çayda azalmalar belə davam edərsə, hər iki rayonda vəziyyət daha da ağırlaşa bilər”.
Mütəxəssislər problemin səbəbləri, şirin su ekosistemlərinin idarə olunması və buna qarşı mübarizə tədbirləri istiqamətində əldə etdikləri materialların təhlilinə dair işləri davam etdirirlər.