İQTİSADİYYAT
“Colendi”nin maliyyə texnologiyalarının Azərbaycanda tətbiqi imkanları geniş müzakirə edilib






Bakı, 4 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Türkiyənin aparıcı fintex şirkəti “Colendi”nin nümayəndələrinin ölkəmizə səfəri baş tutub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Azərbaycandakı özəl sektor və dövlət qurumlarını “Colendi” şirkətinin müasir maliyyə texnologiyaları üzrə xidmətləri ilə tanış etmək və təcrübə mübadiləsi olub.
Şirkətin biznesin inkişafı üzrə rəhbəri Ceyson Lau ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Kapital Bank”, “Veysəloğlu” Şirkətlər Qrupu, “Azercell” və “Azərbaycan Françayzinq Assosiasiyası” rəhbərliyi arasında görüşlər keçirilib. Görüşlər əsnasında “Colendi”nin istifadəçi təcrübəsinə əsaslanan müasir maliyyə texnologiyalarının Azərbaycanda tətbiqi imkanları geniş müzakirə edilib.
Qeyd edək ki, “Colendi” ənənəvi bank xidmətlərini təkmilləşdirmək üçün müasir maliyyə texnologiyalarının inteqrasiyasını özündə birləşdirən fintex həllər təklif edir.