CƏMİYYƏT
COP28-in doqquzuncu günündə Azərbaycan pavilyonunda üç paralel tədbir keçirilib
Bakı, 8 dekabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, konfransın 9-cu günü “Gənclər, uşaqlar, təhsil və bacarıqlar” tematik mövzusuna həsr olunub. Bununla əlaqədar konfrans çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda tematik mövzuya uyğun üç paralel tədbir keçirilib. Tədbirlərdə beynəlxalq təşkilatlar və dost ölkələrin nümayəndələri iştirak edib. Azərbaycan pavilyonunda, eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Andersonla ikitərəfli görüş keçirilib və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmin tədbirlərdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.
Yüksək texnoloji həllərlə təqdim olunan Azərbaycan pavilyonunun konsepsiyası, ölkənin “yaşıl” təşəbbüsləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.