COP29
COP29 Azərbaycanın öz nailiyyətlərini nümayiş etdirmək üçün əvəzsiz şansdır ŞƏRH
Bakı, 4 noyabr, AZƏRTAC
Yüz doğsan səkkiz ölkənin iştirakçısı olduğu Tərəflərin Konfransı - COP (Conference of the Parties) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinə nəzarət edən ali qanunverici orqandır. 2024-cü ilin noyabrında COP29 - Tərəflərin Konfransının astanasında olan Azərbaycan bu mötəbər tədbirə hazırlıq işlərini başa çatdırıb. Qeyd etmək lazımdır ki, COP29-un Azərbaycanda keçirilməsi respublika üçün enerji keçidi məsələsində öz nailiyyətlərini nümayiş etdirmək üçün əvəzsiz şansdır. Belə ki, Azərbaycan karbohidrogen hasilatını davam etdirməklə, neft-qaz layihələrinə investisiyaları genişləndirməklə yanaşı, həm də yaşıl enerji istehsal potensialını inkişaf etdirir və “2030-cu ilə qədər ölkənin enerji balansında yaşıl enerjinin 30 faiz payı” milli strategiyasını həyata keçirir. Bundan əlavə, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla tərəfdaşlıq edərək Avropa istiqamətində yaşıl enerjinin tədarükü layihəsini həyata keçirir. Ölkəmiz bu layihəyə Xəzər regionundan tərəfdaş kimi Qazaxıstanı və Özbəkistanı cəlb edib.
Bunu AZƏRTAC-a açıqlamasında Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının (HXRA) sədri Ayaz Hüseynov deyib.
QHT sədrinin sözlərinə görə, bərpaolunan enerji mənbələrinin inkişafı baxımından Azərbaycanda yaşıl enerjinin potensialı təxminən 200 qiqavat səviyyəsində qiymətləndirilib. Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində zəngin potensialını dərk edən xarici investorlar ölkədə yaşıl enerji layihələrinə sərmayə qoymağa hazırdırlar. Məsələn, işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri sahəsində böyük layihə həyata keçirilir - Cəbrayıl rayonunda nəhəng biznes şirkətlər “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisini reallaşdırır və yaxın gələcəkdə istifadəyə veriləcək. Azərbaycanın enerji keçidində və iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi nailiyyətləri nəzərə alsaq, COP29-un iştirakçıları ölkəmizin nümunəsindən istifadə edərək yaşıl enerjiyə mərhələli keçid üçün öz planlarını hazırlaya bilərlər.
“COP29-a ev sahibliyi etməklə Azərbaycan yaşıl enerji üzrə lider ölkələrlə, həmçinin maliyyə elitaları ilə münasibətlərini genişləndirə biləcək. Bu kontekstdə maliyyə təminatından əlavə yaşıl enerji sahəsində lider olan inkişaf etmiş ölkələr tərəfindən Azərbaycana texnoloji transferin reallaşması da mümkündür. Gələcəkdə ölkə alternativ enerji sahəsində istifadə edilən yüksək texnologiyalı avadanlıqların Azərbaycanda təmiri və saxlanılması prosesinin təşkili, o cümlədən xarici şirkətlərlə birgə istehsalı üçün də imkanlar yaranacaq. Həmçinin COP29 Konfransı müddətində Azərbaycanın yaşıl enerji üzrə lider mövqeyində olan ölkələr və ya mərkəzlər ilə dərinləşən əməkdaşlığı gələcəkdə ölkəmizdə bu sahə üzrə təhsil müəssisələrinin, ixtisasların və bölmələrin yaranmasına şərait yaradacaq. Bu isə gələcəkdə yaşıl enerji üzrə yerli mütəxəssislərin yetişməsi deməkdir. Maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması sayəsində ölkədə yerli mütəxəssislərin yaranması Azərbaycan iqtisadiyyatında yeni iş yerlərinin yaranmasına da səbəb olacaq”, - deyə Ayaz Hüseynov qeyd edib.