COP29
COP29 çərçivəsində kiçik və orta sahibkarlığın yaşıl iqtisadiyyata keçid etməsinə diqqət yetirilir
Bakı, 14 noyabr, AZƏRTAC
COP29-da müzakirə etdiyimiz məsələlərdən biri iqtisadiyyatın yaşıllaşdırılmasına ticarətin necə kömək edə biləcəyidir. Burada, əlbəttə ki, Orta Dəhlizin inkişafı vacibdir. Bizim müzakirələrimizdə də bu Dəhlizin yaşıllaşdırılması məsələsi durur. Bundan əlavə, COP29 çərçivəsində kiçik və orta sahibkarlığın yaşıl iqtisadiyyata keçid etməsinə diqqət yetirmək istəyirik. Bunun üçün də dövlətlər onların yaşıl iqtisadiyyata keçidini stimullaşdırmalıdırlar.
Bu barədə AZƏRTAC-a Qazaxıstanın "QazTrade" ASC-nin baş direktorunun birinci müavini Nurlan Kulbatırov məlumat verib.
Həm Qazaxıstanın, həm də Azərbaycanın resurs iqtisadiyyatına malik olduğunu deyən N.Kulbatırov hər iki ölkənin iqtisadiyyatının strukturunda neft-qaz sektorunun üstünlük təşkil etdiyini bildirib. "Lakin biz qeyri-xammal ixracına keçid siyasətini aparırıq. Bu işdə biz yerli Qazaxıstan ixracatçılarını dəstəkləyirik ki, onlar emal olunmuş, hazır məhsulları ixrac etsinlər", - deyə o əlavə edib.