MƏDƏNİYYƏT
COP29 zamanı İçərişəhər və Qala qoruqları 12 mindən çox ziyarətçi qəbul edib
Bakı, 27 noyabr, AZƏRTAC
COP29 çərçivəsində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turizm yerləri 12 mindən çox yerli və xarici turist tərəfindən ziyarət edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələrdən olan ziyarətçilər arasında Rusiya, Çin və Hindistan vətəndaşları üstünlük təşkil edib.
UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız qalası və Şirvanşahlar Sarayı, həmçinin Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam da qonaqların ən çox ziyarət etdiyi məkanlardan olub.
Qala Qoruğunda qonaqlar Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olub, burada fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və “Qurama” sərgisinə də maraq göstəriblər.