CORC BUŞ İRAQ MÜHARİBƏSİNİN TERRORÇULARIN SIRALARINI GENİŞLƏNDİRDİYİNİ ETİRAF ETMİŞDİR
Dövlət başçısı İraq müharibəsinin terrorçuların sıralarını artırdığını etiraf etsə də, hərbi əməliyyatların səhv olduğunu söyləyənlərlə razılaşmamışdır.
Frans Press Agentliyinin xəbərinə görə, Buş Konqresə noyabr seçkiləri ərəfəsində məxfi informasiyanın sızılmasından narazı olduğunu bildirmişdir. Onun fikrincə, bu, ABŞ hərbçilərinin İraq münaqişəsində acizliyinin etiraf olunmasına çalışan siyasi qüvvələrin vicdansızlığından xəbər verir.
ABŞ Prezidenti məruzənin bir hissəsini açıqlamaq qərarının da siyasi addım olması barədə ehtimalı rədd etmişdir. O, seçicilərə xitabən demişdir: “İstəyirəm ki, siz sənədi oxuyasınız və onun məzmunu barədə müxtəlif fərziyyələr qurmayasınız”.
Lakin senatorlar Hillari Klinton və Karl Levin bildirmişlər ki, məruzənin əsas məqamlarının üzə çıxarılması amerikalıları kifayət qədər informasiya ilə təmin etməyəcəkdir. Onlar bu sənədin yalnız bəzi hissələrini açıqlamaq qərarı ilə razılaşmırlar.
Xatırladaq ki, ABŞ xüsusi xidmət idarələrinin sənədində deyilir ki, İraq müharibəsi ekstremizm ideologiyasının dünyada yayılmasına və ümumən, terrorizmlə bağlı vəziyyətin pisləşməsinə təkan vermişdir.