“CTE-2014” sərgisində tullantıların enerjiyə, sərvətə və sənətə çevrilməsi nümayiş olunur
Bakı, 20 noyabr, AZƏRTAC
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı Ekspo Mərkəzində keçirilən 5-ci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2014”) sərgisində uğurla təmsil olunur.
Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən qurum sərgidə növbəti dəfə xüsusi pavilyonla iştirak edir. Pavilyonda “Təmiz Şəhər” ASC tərəfindən indiyədək görülmüş işlərlə, eləcə də gələcək planlarla bağlı stendlər və maketlər yerləşdirilib. Təqdim olunan sərgi materiallarında qurumun reallaşdırdığı layihələr və ekoloji tədbirlər haqqında ətraflı məlumatlar əksini tapıb. “Tullantıdan enerjiyə” bölməsində tullantıların yandırılması və ondan elektrik enerjisinin alınması, “Tullantıdan sərvətə” bölməsində isə bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının iş prosesi nümayiş olunur. Qurumun əsas məqsədi Bakı şəhərində əmələ gələn tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsidir.
ASC-nin layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov AZƏRTAC-a bildirib ki, ziyarətçilər daha çox “Tullantıdan sənətə” bölməsi ilə maraqlanırlar. Bölmə onu nümayiş etdirir ki, hətta lazımsız hesab etdiyimiz tullantılardan belə mükəmməl sənət əsərləri yaratmaq mümkündür. Bir sözlə, stendimizə baxanlar tullantıların enerjiyə, sərvətə və sənətə çevrilməsini öz gözləri ilə görürlər.
O.Məmmədov bildirib ki, “Təmiz Şəhər” ASC-nin ən vacib fəaliyyət istiqamətlərindən biri də ictimai maarifləndirmədir. Cəmiyyət tərəfindən il ərzində müxtəlif iməciliklər, yay məktəbləri, sərgilər, həmçinin məktəb və universitetlərdə mühazirələr keçirilir.