Cüdo üzrə Sumqayıt şəhər birinciliyində ilk qaliblər müəyyənləşib
Bakı, 17 aprel, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən 15 yaşadək (U-15) yeniyetmələr arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışlarda qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində çempionlar müəyyənləşib. Belə ki, oğlanlar arasında Bəhruz Şıxəliyev (34 kq), Fərid Xudiyev (38 kq), Elməddin Gözəlov (42 kq) bütün rəqiblərini məğlub edərək qalib adına layiq görülüblər. Qızların yarışında isə Aylin Məcidli (28 kq), Zəhra Quliyeva (32 kq), Nigar Məmişova (36 kq), Nigar Əliyeva (40 kq), Fatimə Qurbanova (44 kq), Nazlı Səfərli (48 kq), Milena Hüseynova (52 kq), Nərmin Yusifova (57 kq), Bənurə Bağırova (63 kq), Nuranə Məhərrəmova (+63 kq) birinci yeri tutublar.
Qeyd edək ki, 2008-2010-cu il təvəllüdlü idmançılar arasında təşkil edilən yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçirilir. “Şuşa İli”nə həsr olunan turnirdə 300-dən çox idmançı 20 çəki dərəcəsi üzrə mübarizə aparır.
İki gün davam edəcək yarışın təşkilində əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdonu daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadları üzə çıxarmaq, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzini təbliğ etməkdir.