Cümhuriyyət dövründə Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən “Azərbaycanın iqtisadi siyasətinin müasir inkişaf istiqamətləri” mövzusunda tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə prorektor Anar Eminov AXC-nin yaranmasından söz açıb, onun fəaliyyətinin xalqın dövlətçilik ənənələrinin bərpasında və milli mənlik şüurunun formalaşmasında mühüm rolundan danışıb.
Qeyd olunub ki, Cümhuriyyət dövründə ölkənin bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, təhsil, ordu quruculuğu, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində mühüm addımlar atılıb və əsaslı nəticələr əldə edilib.
A.Eminov Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin iqtisadiyyatın çiçəklənməsində və inkişafındakı böyük rolundan söz açıb, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində davamlı və dayanıqlı iqtisadi inkişaf tendensiyalı uğurlarından danışıb.