Dağlıq Qarabağın işğal tarixi Höteborq kitab sərgisində
İsveçin Höteborq şəhərində Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi haqqında kitabların sərgisi açılıb.
Höteborq Azərbaycan Evinin “Bergsjön” mədəniyyət mərkəzində təşkil etdiyi sərginin açılış mərasimdə İsveç və ingilis dillərində kitab və kitabçalar təqdim olunub. Tədbirdə Azərbaycan diasporunun, habelə İsveçin bir sıra ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Höteborq Azərbaycan Evinin başçısı Rasim Cabbarov tədbirin əhəmiyyətini vurğulayaraq, sərginin qonaqlarına və iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının tarixindən söz açıb. O vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri dinc və silahsız azərbaycanlıları Dağlıq Qarabağdan və qonşu rayonlardan didərgin salıblar. Dünya misli görünməmiş vəhşiliyin şahidi olub, lakin təəssüf ki, bu hadisələrə beynəlxalq səviyyədə hələ də hüquqi qiymət verilməyib.
Rasim Cabbarov vurğulayıb ki, sərgidə nümayiş etdirilən kitab və kitabçalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının həqiqi tarixi əks olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm