Daşkəsənin ucqar dağ kəndlərinin sakinləri sahibkarlıq fəaliyyəti üzrə əməkdaşlığa dəvət olunub
Daşkəsən, 20 aprel, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən KOB dostu Muraz Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsi və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə Ermənistanla həmsərhəd ucqar dağlıq ərazidə yerləşən Astaf və Pirverdilər kəndlərində sakinlərlə görüşlər keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə sakinlərə ətraflı məlumat verən Muraz Məmmədov sahibkarları və yeni sahibkarlığa başlamaq istəyən gəncləri fəal əməkdaşlığa dəvət edərək, rayonda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.
Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsi rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov isə vurğulayıb ki, rayonda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin təminatı üçün dövlətin məşğulluq strategiyası həyata keçirilir, qeyri-formal məşğulluğun qarşısının alınması diqqətdə saxlanılır və bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir. Belə ki, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması, habelə işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması davam etdirilir.
Daşkəsən DAİM-in nümayəndəsi isə qeyd edib ki, rayonda aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Mərkəz qarşısında məhsuldarlığı artırmaq, mövcud potensialdan səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və aqrar məşğulluğu daha da genişləndirmək kimi mühüm vəzifələri dayanır.
Görüşdə sakinlərin çoxsaylı sualları cavablandırılıb, onların müraciətləri qeydə alınıb və maarifləndirici bukletlər paylanıb.