Daun sindromlu uşaqlar üçün yaz düşərgəsi davam edir
Bakı, 13 mart, AZƏRTAC
Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin edilməsi, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixososial dəstəyin göstərilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə martın 10-16-da daun sindromlu uşaqlar üçün 7 günlük yaz düşərgəsi təşkil olunur.
AZƏRTAC xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən istirahət və sağlamlıq mərkəzində 15 uşaq və 15 valideynin iştirak etdiyi düşərgədə hər gün psixoloqlar, sosial işçilər, inteqroloqlar tərəfindən təlimlər, eyni zamanda, iştirakçıların asudə vaxtının təşkili məqsədilə əyləncə proqramı və maraqlı ekskursiyalar nəzərdə tutulub.
Düşərgənin birinci günü - martın 10-da uşaqların mütəxəssislərlə ümumi tanışlığı məqsədilə iclas təşkil olunub və düşərgə qaydaları haqqında məlumat verilib. Eyni zamanda, mütəxəssislər tərəfindən uşaqların fiziki və psixoloji inkişaf vəziyyəti qiymətləndirilib və ilkin psixo-sosial dəstək göstərilməsi məqsədilə valideynlər üçün təlim keçirilib. Daha sonra uşaqlar üçün fərdi inkişaf proqramı tərtib edilib. Düşərgənin ikinci günü - martın 11-də mütəxəssislər tərəfindən uşaqlar üçün inkişafetdirici stolüstü oyunlar, eləcə də art-terapiya təşkil edilib. Eyni zamanda, terapiya zamanı valideyn-övlad münasibətləri analiz olunub. Düşərgəyə qayıtdıqdan sonra mütəxəssislər tərəfindən uşaqlar üçün musiqi terapiyası təşkil edilib.
Düşərgənin üçüncü günü - martın 12-də uşaqların fiziki tərbiyəsi məqsədilə düşərgədəki açıq stadionda müxtəlif idman oyunları təşkil olunub. Eyni zamanda, uşaqlarla inkişafetdirici iş aparılması məqsədilə valideynlər övladları ilə birlikdə komanda şəklində müxtəlif interaktiv oyunlarda iştirak ediblər. Daha sonra Əməkdar idman ustası, parataekvando üzrə Azərbaycan milli yığmasının üzvü, Prezident mükafatçısı, Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyinin sədri Aynur Məmmədova düşərgə iştirakçıları ilə görüşüb, uşaqlarla ünsiyyətdə olub, valideynlərə dəstək məqsədilə tövsiyələr verib.
Düşərgənin dördüncü günü - martın 13-də mütəxəssislər tərəfindən uşaqlar üçün müxtəlif inkişafetdirici oyunlar və psixo-sosial dəstək məqsədilə valideynlər üçün təlimlər təşkil edilib, animatorun iştirakı ilə uşaqlar üçün əyləncə proqramı keçirilib.
Hər günün sonunda uşaqlar müvafiq olaraq inkişafetdirici cizgi filmi izləyib, uşaqlar akt zalında səhnə və rəqs təlimlərində iştirak edib, onlar üçün mini-disko, fərdi istedadının aşkarlanması məqsədilə talant-şou təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva martın 13-də düşərgədə iştirak edib, tövsiyələrini və ürək sözlərini bildirib.