Davam edən sürəkli gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri özünün təəssüf doğuran ziddiyyətli şərhləri ilə kimin real olaraq regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratdığını bir daha göstərdi.
“Davam edən sürəkli gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Qeyd olunan “Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı bir mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır”, - deyə mətbuat xidmətinin rəhbəri bildirib.