DAVOSDA “ENERJİ-2007: NEFT SİYASƏTİNİN YENİ ERASI” MÖVZUSUNDA İCLAS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 25-də Davos Forumu çərçivəsində Konqres Mərkəzində “Enerji-2007: Neft siyasətinin yeni erası” mövzusunda iclas keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.
Dövlətimizin başçısı iclasda çıxış edərək, ölkəmizin gələcəyinə yönəlmiş neft strategiyasından, onun uğurlu nəticələrindən söz açdı, neft kapitalını insan kapitalına çevirmək üçün tədbirlər görüldüyünü
söylədi. Prezident İlham Əliyev ölkəmizdə son illərdə dünyada analoqu olmayan iqtisadi artımın müşahidə edildiyini, ötən il ümumi daxili məhsulun həcminin 35 faiz artdığını vurğuladı. Dövlətimizin başçısı dedi ki, əsas məqsədimiz ölkəmizi neft və qaz sahəsinin asılılığından xilas edərək, yeni sahələrin dirçəldilməsi ilə Azərbaycanı inkişaf etdirməkdir.
![]() |
İclasda Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodman, Ukraynanın Baş naziri Viktor Yanukoviç, Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Aleksandr Medvedev, Hollandiyanın “Şell” şirkətinin icraçı direktoru Yeroyn Van der Veer, “Exson/Mobil” korporasiyasının və Çinin nümayəndələri çıxış etdilər. Onlar neft və qazla bağlı gələcək planlardan danışdılar. Bildirildi ki, enerji daşıyıcılarının təhlükəsizliyinin fundamental məsələləri və bu sahədə siyasi təsirin maksimum azaldılması zəruridir.
Ümumiyyətlə, Forum çərçivəsində keçirilən digər iclas və dəyirmi masalarda iqlim dəyişikliyi, beynəlxalq layihələrin həyata keçirilməsi, antikorrupsiya məsələləri, habelə Asiya ölkələrində iqtisadi inkişaf, iqtisadi landşaftın ümumi dəyişikliyi, İraq və Yaxın Şərqdə vəziyyət ilə bağlı müzakirələr aparılacaqdır.
Xatırladaq ki, Dünya İqtisadi Forumu çərçivəsində keçirilən bütün görüşlər və tədbirlər qeyri-formal xarakter daşıyır.
