DAXİLİ QOŞUNLARIN YENİ “N” HƏRBİ HİSSƏSİNİN İNZİBATİ BİNASININ TİKİNTİSİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev martın 1-də Bərdə şəhərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni yaradılan “N” hərbi hissəsinin inzibati binasının tikintisi ilə tanış olmuşdur.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov Ali baş komandana məruzə edərək dedi ki, yerli icra hakimiyyəti tərəfindən hərbi hissənin yaradılması üçün 10 hektar sahə ayrılmışdır. Qərargah, əsgər yataqxanası, yeməkxana, camaşırxana binalarının tikintisi artıq başa çatmışdır. Klub, avtomobil qarajları, idman kompleksi, nəzarət-buraxılış məntəqəsi, tibb, qarovul məntəqələri, emalatxana və anbarlar da tikiləcəkdir. Gələcəkdə ikinci korpusun tikilməsi üçün də yer vardır. Zabitlər üçün də yataqxananın inşası da planlaşdırılır.
Prezident İlham Əliyev yeni yaradılan hərbi hissənin yerləşəcəyi ərazinin maketi və layihəsi ilə yaxından tanış oldu, nəzərdə tutulan işlərə tezliklə başlanılmasının vacibliyini vurğuladı, bunun üçün lazım olan vəsaitin ayrılacağını bildirdi. Ali baş komandan tikinti işlərinin keyfiyyətinə xüsusi diqqət yetirilməsini tövsiyə etdi.