Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə ərizə və sənədlərin qəbulu başlayıb
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-dən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlərin ərizə və sənədlərinin qəbuluna başlanılıb.
DQ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu 165 santimetrdən aşağı olmayan, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.
Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış hərbi-həkim və mandat komissiyalarından, Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş fiziki hazırlıq normativləri üzrə sınaqdan keçməlidirlər. Fiziki hazırlıq üzrə minimal normativlərə turnikdə 6 dəfə dartınma, 15 saniyəyə 100 metr, 4 dəqiqəyə isə 1000 metr məsafəyə qaçış, qollar üzərində bədənin 18 dəfə döşəmədən qaldırılıb endirilməsi və gövdənin döşəmədən 18 dəfə qaldırılıb endirilməsi daxildir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir. İmtahanlar test üsulu ilə 4-cü ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir. Abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Ali Hərbi Məktəbə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır. Təhsil müddəti 4 ildir.
Məzunlara müvаfiq hərbi iхtisаslаrlа bərаbər “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2016-cı ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, cinayət törətdiyinə görə əvvəllər məhkum olunan, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilən, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Ali Hərbi Məktəbə qəbul edilmirlər.
Ali Hərbi Məktəbə qəbul üçün namizədlər şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməni (əsli və notarial qaydada təsdiq olunmuş surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənədi (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayışı, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəni (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnaməni, 9x12 santimetr ölçüdə 2, 4x6 santimetr ölçüdə isə 4 fotoşəkili (papaqsız, rəngli, donuq kağızda) Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) şəxsən təqdim etməlidirlər..
Ərizə və sənədlərin qəbulu 2016-cı il martın 1-dən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.
Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.