COP29
“Deloitte”un CxO Dayanıqlılıq Hesabatı 2024”: Şirkətlər dəyişiklikləri necə sürətləndirə bilər?
Bakı, 13 noyabr, AZƏRTAC
COP29 çərçivəsində “Deloitte”un CxO Dayanıqlılıq Hesabatı 2024”: Şirkətlər dəyişiklikləri necə sürətləndirə bilər” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Deloitte”un qlobal dayanıqlılıq üzrə biznes lideri Jen Steinmann, “Deloitte”un qlobal baş direktor müavini Steysi Janiak, “Mahindra Group”un dayanıqlılıq üzrə baş direktor Ankit Todie, “Citi” şirkətinin Dayanıqlılıq və Korporativ Keçidlər, İnvestisiya Bankçılığı üzrə rəhbəri Bridget Fawcett, “SAP” şirkətinin dayanıqlılıq üzrə rəhbəri Matthias Medert və Dayanıqlı İnkişaf üzrə Dünya Biznes Şurasının (WBCSD) icraçı vitse-prezidenti Dominic Vaughray iştirak ediblər.
Tədbirdə “Deloitte”un hesabatında dayanıqlılıq sahəsinə yatırımların artdığı və iqlim məsələlərinin bir çox şirkətin əsas biznes strategiyasına daxil olduğu qeyd edilib. Bu il 27 ölkədən 2100-dən çox rəhbərin iştirak etdiyi sorğu göstərir ki, onlar dayanıqlılığı artıq sadəcə uyğunluq və ya marka yaratmaq vasitəsi kimi yox, yeni məhsulların, biznes modellərinin və ümumi dəyər yaratma prosesinin əsas səbəbkarı kimi görürlər. İqlim dəyişikliyi rəhbər şəxslərın ilk üç prioritetindən biri olaraq qalır və siyasi qeyri-müəyyənlik, təchizat zənciri problemləri və istedad rəqabəti kimi mövzuları üstələyir.
Qeyd edək ki, hesabatda qlobal rəhbərlərin iqlimlə bağlı atdıqları addımlar, qarşılaşdıqları çətinliklər, daha çox fəaliyyət göstərən liderlərdən alınan dərslər və şirkətlərin dayanıqlılıq təşəbbüslərini gücləndirmək üçün tövsiyələr təqdim olunur.