Dendrologiya İnstitutu Hirkan Milli Parkı haqqında videosüjet hazırlayıb
Bakı, 1 sentyabr, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutu tərəfindən Hirkan Milli Parkının flora və fauna növlərinin müxtəlifliyindən bəhs edən videosüjet hazırlanıb. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Videosüjetdə qeyd olunur ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2004-cü il fevralın 9-da yaradılmış Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran inzibati rayonunun ərazisində yerləşir.
Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.
Bildirilir ki, parkın ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar. Aşağı hissədə əsasən şabalıdyarpaq palıd, dəmirağac və vələs üstünlük təşkil edir.
Hündürlüyə qalxdıqca, əsasən, dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq ağacları əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitabı"na salınıb.
Videosüjetdə, həmçinin vurğulanır ki, Hirkan Milli Parkı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını, eləcə də Nazirlər Kabinetinin müvafiq qərarlarını rəhbər tutaraq ən yüksək səviyyədə mühafizə olunur.