Deputat: Doqquz aya Laçının bərpası Azərbaycan dövlətinin prinsipiallığından xəbər verir
Bakı, 28 avqust, AZƏRTAC
Son illər Prezident İlham Əliyevin həm daxili, həm xarici səfərləri intensivləşib. Bu da dövlətimizin başçısının xarici və daxili siyasətinin güclənməsindən xəbər verir. Bu gün nəinki Qarabağ, hətta bütün regionlar birbaşa dövlətimizin başçısının nəzarəti altındadır. Artıq 3 il olacaq ki, müharibə bitib və bəlkə də dünya tarixində görünməyən sürətlə vəhşi qonşularımızın xarabalığa çevirdiyi Qarabağ nəinki bərpa olunub, hətta sahiblərinə təhvil verilib. Prezidentin adət halını almış bu səfərləri Qarabağa həyat bəxş edir. Cəmi 9 aya Laçın bərpa olundu. Bu da Azərbaycan dövlətinin prinsipiallığından xəbər verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Hazırda Qarabağın sosial-iqtisadi inkişafı üçün ciddi bazanın, infrastrukturun yaradıldığını deyən deputat bildirib: “Azərbaycan postmüharibə dövründə təkcə abadlıq-quruculuq işləri ilə məşğul olmadı. Bu qısa müddətdə həm erməni separatçılığı ilə mübarizə aparılıb, həm beynəlxalq aləmin təzyiqləri qarşısında tab gətirilib, həm də diplomatik cəbhədə böyük uğurlar qazanılıb. Həqiqətən Azərbaycan hakimiyyətinin uzaqgörənliyi Ermənistan rəhbərliyinin Qarabağla bağlı bütün planlarını alt-üst etdiyi kimi artıq ümidlərini də məhv edib. Bu Qayıdışlar təkcə zəfərin, qalibiyyətin təntənəsi deyil, həm də Azərbaycan xalqının gələcəkdəki hüquqlarının da qorunmasıdır”.
Müşfiq Cəfərovun sözlərinə görə, iki gün əvvəl Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Keçmiş məcburi köçkünlərlə görüşdə dövlətimizin başçısının Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi Azərbaycan dövlətinin tarixinin ən böyük qürur salnamələrindəndir. Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışında, verdiyi siyasi mesajlarda müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul edir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma dünya dövlətlərinin, beynəlxalq təşkilatların da diqqətindən yayınmır.