Deputat: “Təhsil haqqında” Qanuna dəyişikliklər təhsilin hamı üçün əlçatan olmasına xidmət edir
Bakı, 6 mart, AZƏRTAC
“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər bütün pillələrdə təhsilin hamı üçün əlçatan olmasına xidmət edir. Təklif edilən bu dəyişikliklər həqiqətən də çox böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri deputat Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin martın 6-da keçirilən iclasında deyib.
“Qanun qəbul edildikdən sonra bir sıra kateqoriyalardan olan ailələrin yükü azalacaq, onların övladlarına təhsil vermək imkanları yaranacaq”, - deyən M.Qasımlı bildirib ki, çünki qanun layihəsində nəzərdə tutulan bir sıra kateqoriyalar üzrə bütün xərclər dövlət büdcəsindən ödənilir. Bununla da dövlət həmin kateqoriyaya aid ailələrin yükünü azaltmış olar.
O qeyd edib ki, qanun layihəsi qəbul olunduqdan sonra onun müddəalarının təbliğinə ehtiyac var.
“Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bununla bağlı mətbuata geniş açıqlama verməlidir və dövlətin vətəndaş üçün hansı şərait yaratdığını ictimaiyyətə açıqlamalıdır. Çünki təhsildə keyfiyyət aşağı düşərsə, cəmiyyətdə xurafat, radikalizm artacaq. Biz nə qədər çox insana təhsil versək, inkişaf daha da o qədər yüksək səviyyədə olacaq”, - deyə deputat əlavə edib.