DƏVƏÇİ RAYONUNDA 2005-Cİ İLƏ YEKUN VURULMUŞDUR
İclas iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla anmışlar.
Rayon icra hakimiyyətinin başçısı Sündüz Babayeva hesabat məruzəsində xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirmək xətti əhalinin yaşayışının yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verildiyini parlaq şəkildə təsdiqləyir. Qeyd olunmuşdur ki, rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının, dövlətimizin başçısının bölgələrə, o cümlədən Dəvəçiyə səfərləri zamanı verdiyi tapşırıq və göstərişlərin yerinə yetirilməsi sahəsində xeyli iş görülmüşdür.
Ötən il fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, təzə istehsal sahələrinin yaradılması sayəsində 1100 yeni iş yeri açılmışdır. Hesabat ilində rayonda 28,8 milyard manatlıq sənaye, 81 milyard 987 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Təsərrüfatın başlıca sahələrindən biri olan taxılçılıqda da uğurlu nəticələr əldə edilmişdir. 2005-ci ildə 30 min 683 ton taxıl yığılmışdır ki, bu da onun adambaşına istehsalı normasından iki dəfə çoxdur. Ötən il 6 min 818 ton tərəvəz, 578 ton kartof, 39 ton bostan məhsulu, 3 ton qarğıdalı, 725 ton meyvə və 628 ton üzüm yığılmışdır. Bütün bu göstəricilər əvvəlki ilin nəticələrini üstələyir.
Ən yüksək nəticələr heyvandarlıq sahəsində əldə edilmişdir. Hazırda 30 min 845 baş qaramal, 35 min 745 baş davar var.
Rayonda özəl bölmə fəal inkişaf edir, 7 səhmdar cəmiyyəti, 20-dən çox kiçik müəssisə, 12 ferma və sair fəaliyyət göstərir. Sənaye məhsulu istehsalının 95,1 faizi və kənd təsərrüfatı məhsulu istehsalının 99,5 faizi özəl bölmənin payına düşür. Ötən il əhaliyə 10 milyard 260 milyon manatlıq xidmətlər göstərilmişdir ki, bu da inişilki göstəricilərdən 24,4 faiz çoxdur.
İclasda əhalinin elektrik enerjisi və təbii qazla təminatı sahəsində görülən işlərdən də ətraflı söhbət getmişdir. Bildirilmişdir ki, məktəblərin mütləq əksəriyyətinin qızdırıcı sistemlə təchiz edilməsinə baxmayaraq, qazın aşağı təzyiqlə verilməsi üzündən təhsil ocaqlarının istiliklə təminatı mümkün olmamışdır.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Zeyvə, Piramsan və Qorqan kəndlərində orta məktəblər tikilib istifadəyə verilmişdir. Dəvəçililər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
İclasda rayonun həyatının bütün sahələri ətraflı təhlil olunmuş, nöqsanların aradan qaldırılması, problemlərin həlli ilə bağlı konkret tədbirlər planı müəyyənləşdirilmişdir.
İqtisadi inkişaf naziri Heydər Babayev iclasda çıxış etmişdir.
Sonda iclas iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.