DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Bakı, 20 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) aprelin 19-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.