DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın vəsait oğurlanıb
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 4-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 7 min, 881, 464, 354, 300, 170, 100, 100, 70, 70 və 68 manat kimi rəqəmlər qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlik vətəndaşlara müraciət edərək onları bank kartları ilə bağlı dələduzluq hallarına qarşı diqqətli və ehtiyatlı olmağa çağırır və vətəndaşlara xatırladır: “Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz. DİN vətəndaşları bir daha xəbərdar edir ki, naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun, SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın, heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın”.
Məlumatda, həmçinin bildirilir ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.