SİYASƏT
Diplomatiya könüllüləri üçün onlayn mühazirə və görüşlərin təşkilinə başlanılıb




Bakı, 4 aprel, AZƏRTAC
2020-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Könüllülər ili” elan olunub. Bu çərçivədə, həmçinin gənclərimizin evdə qalmasını təşviq etmək məqsədilə Xarici İşlər Nazirliyi diplomatiya könüllüləri üçün onlayn mühazirələrin və görüşlərin təşkilinə başlayıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu layihə çərçivəsində aprelin 4-də Azərbaycan tarixinin şanlı səhifəsi olan 2016-cı ilin Aprel qələbəsinə həsr edilmiş videokonfrans keçirilib. Görüşdə Müdafiə Nazirliyinin nümayəndələri, o cümlədən nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov və 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeninə layiq görülən mayor Mirdamət Bağıyev gənclərə 2016-cı ilin Aprel döyüşlərindən, şəxsən iştirakçısı olduqları bu döyüşlərdə Azərbaycan əsgərlərinin şücaətindən, Vətən torpaqlarının düşmən işğalından azad olunması üçün Ordumuzun hazırlığından bəhs ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən və müdrik siyasəti sayəsində bu gün işğalçı Ermənistanın təcavüzkar siyasətinin bütün platformalarda ifşa edildiyi qeyd olunub. Ali Baş Komandanın əmri ilə Azərbaycan hərbçilərinin işğal olunmuş ərazilərimizi azad etməyə hazır olduqları vurğulanıb.
Sonda Müdafiə Nazirliyinin nümayəndələri könüllü gənclərin suallarını cavablandırıblar.
Diplomatiya könüllüləri görüşün təşkilində onlara dəstək olan Müdafiə və Xarici İşlər nazirliklərinə təşəkkür ediblər.
Diplomatiya könüllüləri könüllülük hərəkatının təşviqinə və eyni zamanda, gənclərimiz üçün maarifləndirici layihələrdə iştirak imkanı yaratdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.