SİYASƏT
Dmitri Peskov: Azərbaycanlı dostlarımızın Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları barədə bəyanatlarını diqqətlə dinləyirik

Moskva, 3 oktyabr, AZƏRTAC
Azərbaycanlı dostlarımızın Qarabağda qalmaq istəyən ermənilərin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi niyyəti barədə bəyanatlarına diqqətlə qulaq asırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ermənistan parlamentinin Roma statutunu ratifikasiya etməsini şərh edən Kremlin nümayəndəsi vurğulayıb ki, Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından düzgün adım hesab etmir. “Əlbəttə, bizim Ermənistanın hazırkı rəhbərliyinə əlavə suallarımız olacaq. Onlar əvvəlcədən erməni tərəfinə çatdırılıb. Biz ən başından Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasının düzgün olmasına ikitərəfli münasibətlər nöqteyi-nəzərindən şübhə edirdik və indi də edirik. Əvvəllər olduğu kimi, hesab edirik ki, bu, yanlış qərardır, -deyə D.Peskov bildirib.
O bəyan edib ki, Ermənistanın Roma statutuna qoşulması Rusiya üçün qərarlar axtarılmasını tələb edir. “Bizim müxtəlif səviyyələrdə daimi təmaslarımız var və bu mövzu ilə bağlı ciddi söhbətlərimiz olacaq. Bununla bağlı hansısa diplomatik həll yolları tapılmalıdır”, -deyə Kremlin nümayəndəsi vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva