Dosent: Azərbaycan yaranmış böhranları düzgün idarəetmə modelinin tətbiqi nəticəsində imkana çevirir
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük - 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkənin inkişafının, gələcəyə yönəlik davamlı enerji təminatının uğurlu idarəedilməsinin əsas göstəricilərindəndir. Eyni zamanda, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Bununla yanaşı, stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə doktoru Yusif Ağayev söyləyib.
Dosent bildirib ki, enerjinin davamlı təminatının planlaşdırılması və idarəedilməsi sahəsində Azərbaycanda uzun müddətdir qabaqlayıcı siyasət həyata keçirilir. Bunun göstəricisidir ki, beynəlxalq təşkilatların rəsmi hesabatlarında Azərbaycanın yüksək nəticələr əldə etdiyi qeyd olunub və respublikamız bu göstəricilərə görə inkişaf etmiş bir sıra ölkələri qabaqlayıb. Bu uğurlu statistika Azərbaycanın həmin istiqamətdə düzgün siyasət apardığını göstərir. Təsadüfü deyil ki, davamlı inkişafın 2015-2030-cu illər üçün prioritet olması nəzərə alınaraq bu sahə üzrə kadr potensialının gücləndirilməsinin vacibliyi əsas məsələlərdən biri kimi qeyd edilməlidir.
“İndi dünyada müxtəlif böhranlı hadisələr baş verir. Bu hadisələr bəzi hallarda hər hansı bir iqtisadi zonanın problemi kimi təqdim olunur. Əslində isə yeni inkişaf paradiqmlərinin axtarışı daha cəlbedici görünür. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticə etibarilə belə yeni yanaşmanın böyük perspektivlərindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan yaranan böhranları görür və düzgün idarəetmə modelinin tətbiqi nəticəsində onları imkana çevirmək potensialını göstərir. Məhz bu amil ölkənin gələcək strateji inkişafının əsasını müəyyənləşdirir”, - deyə Yusif Ağayev əlavə edib.