Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti layihələri üzrə ictimai dinləmə keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, “Babək-94” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə D.Bünyadzadə küçəsinin kəsişməsində şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində və “Sevil” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Xətai rayon A.İsmayılov küçəsi, ev 12 ünvanında olan yaşıllıqların köçürülməsi barədə müraciətlərə dair təşkil olunan tədbirdə təqdim olunan layihələrdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Qeyd olunub ki, “Babək-94” Müstəqil Kiçik Müəssisəsinin istifadəsinə ayrılmış torpaq sahəsində növbəti yaşayış binasının layihəsinin dövlət ekoloji ekspertizasından keçirilməsi və yaşıllıqların köçürüləcəyi yer barədə Qaradağ Rayon Lökbatan Bələdiyyəsi tərəfindən təqdim edilən zəmanət məktubu nəzərə alınaraq tikinti altına düşən meyvə ağaclarının parametrləri köçürülmə üçün əlverişli olduğundan müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən xüsusi ağacçıxaran texnikanın köməyi ilə yerləri dəyişdirilərək bələdiyyə tərəfindən öncədən seçilmiş və əkin üçün hazırlanmış suvarma təchizatı olan sahəyə əkilməlidir. Ağacların köçürülməsi 11 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında, ictimaiyyət nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməsinin zəruri olduğu bildirilib.
Digər ekspertizası aparılan müəssisə - Xətai rayon, A.İsmayılov küçəsi, ev 12 ünvanında yaşayış binası inşa edən “Sevil” MMC tərəfindən tikinti altına 1 ədəd tut ağacının düşdüyü və ekspertlər tərəfindən müraciətə qanunvericiliyə uyğun baxılacağı barədə məlumat verilib.
Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqların bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqrotexniki qulluq göstərilməsi olduğu vurğulanıb.
Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və nəticələr barədə məlumatların təqdim olunacağı diqqətə çatdırılıb.