Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin iştirakı ilə seminarlar təşkil edib
Bakı, 21 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Salyan rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” və Ağsu rayonunda “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzularında seminarlar keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda Şirvan şəhəri, Hacıqabul və Neftçala rayonlarında fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri də iştirak edib.
Salyanda təşkil olunan tədbirdə ölkəmizin əmək qanunvericiliyində qadınların əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malik olduğu, Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsinin qadağan olunduğu vurğulanıb. Seminar zamanı qadın işçilərlə əmək münasibətlərinin hüquqi prinsipləri, hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınlarla bağlı qanunvericilikdə əksini tapan əlavə təminatlar barədə məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Ağsu rayonunda Kürdəmir, Göyçay rayonlarından olan işəgötürənlərin nümayəndələrinin, əməyin mühafizəsi üzrə mütəxəssis və işçilərin iştirak etdiyi seminarda əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları və s. diqqətə çatdırılıb. Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri, onun əsas prinsipləri və normativ hüquqi tənzimlənməsi, bu sahədə mülkiyyətçinin və işəgötürənlərin, işçilərin vəzifələri barədə geniş izahatlar verilib. Müvafiq obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələbləri, işçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlardan bəhs olunub. İş yerində istehsalat qəzalarının qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər haqqında da ətraflı məlumatlar verilib.
Hər iki tədbirdə iştirakçılara müvafiq mövzular üzrə maarifləndirici bukletlər paylanılıb.
AZƏRTAC-0-