DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralin 13-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilsonu qəbul etmişdir.
Səmimilik şəraitində keçən görüş zamanı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əlaqələrin, ikitərəfli münasibətlərin gündən-günə dərinləşməsini önə çəkərək atılan müsbət addımlardan, hər iki ölkənin gömrük orqanları arasında münasibətlərin inkişafından məmnunluqla söhbət açmış, gömrük sistemimizin beynəlxalq standartlara uyğun səviyyədə qurulmasında göstərdiyi köməyə görə ABŞ hökumətinə təşəkkürünü bildirmişdir. ABŞ-Azərbaycan Ticarət Palatası ilə yaranan əlaqələrə toxunan komitə sədri iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsi nəticəsində 2001-ci ildə Azərbaycan Respublikasına mal idxalında Amerika Birləşmiş Ştatlarının öndə getdiyini, ümumi idxalın 16,1 faizinin onun payına düşdüyünü vurğulamışdır.
11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasında Azərbaycanın iştirakını yüksək qiymətləndirən səfir Ross Uilson 907-ci düzəlişin ləğvini günün reallığı kimi dəyərləndirərək, Amerika Birləşmiş Ştatlarının Azərbaycana ayıracağı köməyin həcminin xeyli artırıldığını qeyd edərək göstərmişdir ki, həmin yardımın bir hissəsinin təhlükəsizlik məsələlərinə, xüsusilə hüquq mühafizə orqanlarının, sərhədin mühafizəsinin və gömrük sisteminin möhkəmləndirilməsinə, bir hissəsinin isə ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Səfir gömrük orqanlarının inkişafı və sistemin daha da modernləşdirilməsi üzrə “Price Vaterhose Coopers” şirkətinin hazırladığı raportun nəticələrindən asılı olaraq verilən təkliflərin həyata keçirilməsinin gömrük orqanlarının işinin təkmilləşdirilməsində müsbət rol oynayacağına ümidvar olduğunu vurğulamışdır.
Cənab səfirə 907-ci düzəlişin ləğvinə və onun ləğvindən sonra yardımın məbləğinin artırılmasına görə təşəkkürünü bildirən DGK sədri gömrük orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində daimi olaraq iş aparıldığını, hazırda Azərbaycan gömrüyünün regionda maddi-texniki baxımdan ən yaxşı təchiz olunmuş gömrük orqanlarından biri olduğunu qeyd etmiş, sərhədlərdən kütləvi qırğın silahlarının, radioaktiv materialların, narkotik vasitələrin keçirilməsinin qarşısının alınması məsələlərində Amerika ilə birğə əməkdaşlığa xüsusi diqqət verilməsi, bu sahəyə yardım göstərilməsi, eyni zamanda Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsinin maddi-texniki bazasının yaradılması məsələlərində yardım göstərilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Görüşdə həmçinin tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Amerika-Azərbaycan Ticarət Palatası ilə Dövlət Gömrük Komitəsinin əlaqələrinin daha da möhkəmləndirilməsinə və onların birgə işçi qrupunun iclaslarında cari problemlərin həll edilməsinin sürətləndirilməsinə xüsusi diqqət yetirilmişdir.