DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tasım Cəmili qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri müzakirə edilmiş, bu əlaqələrin genişləndirilməsində ölkələrimizin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyü vurğulanmışdır.
Prezident Heydər Əliyev ilə Prezident İon İliyesku arasındakı dostluq münasibətləri nəticəsində Azərbaycan-Rumıniya əməkdaşlığının ildən-ilə daha da inkişaf etməsindən razılıqla söhbət açan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov yaranan əlaqələrin xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir. K.Heydərov Rumıniya iş adamlarının Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsinin, eyni zamanda iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyinə toxunmuş, ölkəmizdə xarici sərmayədarlar üçün yaradılan əlverişli şəraitdən ətraflı söhbət açmışdır.
Rumıniyanın ölkəmizdəki səfiri Tasım Cəmil iki dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bir zamanda iqtisadi əməkdaşlıgın da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, bunun üçün daha yeni addımlar atılmasının vacibliyinə toxunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu ilin birinci yarısında Rumıniyaya gözlənilən səfərindən bəhs edən səfir, bu səfər zamanı müxtəlif sahələri əhatə edən sazişlərin imzalanacağını diqqətə çatdırmışdır. Həmin səfər zamanı hər iki ölkənin hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin imzalanacağını söyləyən cənab Tasım Cəmil ekspertlər tərəfindən həmin layihə üzərində aparılan işin daha da sürətləndirilməsinin vacib olduğunu bildirmişdir.
Komitə sədri bu təklifi bəyəndiyini və saziş layihəsinin müzakirəsi üçün ekspert qrupundan ibarət nümayəndə heyətimizin yaxın vaxtlarda Rumıniyaya ezam ediləcəyini söyləmişdir.
Hər iki tərəf gömrük orqanları arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin reallaşmasının iqtisadi əlaqələrin sürətlənməsində mühüm rol oynayacağına ümidvar olduqlarını bildirmişlər.