İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsinin kibertəhlükəsizlik tətbiq laboratoriyası fəaliyyətə başlayıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib.
DGK-dan AZƏRTAC-a bildirilib ki, laboratoriya Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “Karmasis Azərbaycan” şirkətinin birgə əməkdaşlığı çərçivəsində qurulub.
Mərasimdə Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, komitənin və akademiyanın əməkdaşları, “Karmasis” şirkətinin baş direktoru Murad Eraydın, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində şəhidlərimizin və Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Gömrük Komitəsinin, “Karmasis Azərbaycan” şirkətinin fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib.
Eyni zamanda, gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə məlumat verilib. Bildirilib ki, hazırda gömrük orqanlarının strateji hədəflərindən biri də gömrük işinin təşkili sahəsində rəqəmsallaşmanın genişləndirilməsidir. Qeyd olunub ki, qloballaşan dünyada rəqəmsallaşma, İKT, elektron ticarət, bulud texnologiyaları sürətlə inkişaf edir. Bu da öz növbəsində virtual məkanda saxlanılan, mübadilə edilən məlumatların daha etibarlı mühafizəsini aktuallaşdırır. Dövlət Gömrük Komitəsinin də kibertəhlükəsizlik məsələlərinə, bu sahədə hərtərəfli biliklərə malik kadrların hazırlanmasına xüsusi önəm verdiyi vurğulanıb. Bu baxımdan Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyətinin təqdirəlayiq olduğu, qabaqcıl təcrübələrin, yeniliklərin öyrənilməsi istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizdəki ali təhsil müəssisələri arasında kibertəhlükəsizlik tətbiq laboratoriyası ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasında fəaliyyətə başlayıb.
Sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının inzibati binasında yerləşən “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılışı olub, iştirakçılara laboratoriya barədə məlumat verilib.