ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu: “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik”
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilib. Kursa şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbələrin müdirləri vəzifəsində çalışan müvafiq dövlət qulluqçuları cəlb ediliblər.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, kursun keçirilməsinin əsas məqsədi müasir Azərbaycanın innovativ idarəetmə modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və dövründə regionda ictimai-siyasi vəziyyət, Azərbaycanın Xalq Cümhuriyyətinin xarici siyasəti, Cümhuriyyətin milli-mədəni quruculuq fəaliyyəti və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və fikir mübadiləsinin aparılması olub.
Kurs ərzində “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik” istiqaməti üzrə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Musa Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi Akademiyasının dosenti Mehman Süleymanov, DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və hüquq I kafedrasının dosenti Rahib Əkbərov müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.
Kursun sonunda akademik U.Ələkbərov və akademiyanın tədris İşləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev kursu müvəffəqiyyətlə bitirdiklərinə görə dinləyicilərə sertifikatlar təqdim edib, uğurlar arzulayıblar.