Dövlət İmtahan Mərkəzi xarici tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verir
Bakı, 6 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bu sahədə Azərbaycan təcrübəsinin təbliği məsələsinə xüsusi önəm verir. 2020-ci ilin əvvəlindən hazırkı dövrə qədər dünyada yayılan koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar əksər beynəlxalq tədbirlər və təcrübə mübadiləsi onlayn rejimdə həyata keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən bildirilib. Qeyd olunub ki, hesabat dövrü ərzində DİM Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı, Qazaxıstanın Astana şəhərində yerləşən Dövlət Qulluğu üzrə Regional Xab və digər proqram, layihə və təşəbbüslər çərçivəsində xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı davam etdirib. Qeyd olunan beynəlxalq fəaliyyətlər arasında Aİ ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycanın dövlət qulluğu sistemində səriştə modelinin işlənib hazırlanması və tətbiqi istiqamətində xeyli işlər görülüb. Görülən işlər arasında dövlət qulluğu vəzifələrinin təhlili, səriştə modelinin ilkin variantının müəyyənləşdirilməsi, yerli mütəxəssislərin formalaşdırılması üzrə təlim və seminarların təşkilini qeyd etmək olar. Ümumilikdə SIGMA proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə 40-a yaxın dövlət qurumunun nümayəndəsi iştirak edib. Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin iştirakçı qurumları olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apellyasiya Məhkəməsi seçilib. Hazırda bu istiqamətdə fəaliyyətlər davam edir.