ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində ICDL imtahanı keçirilib
Bakı, 7 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) ICDL (International Computer Driving Licence - Beynəlxalq Kompüter İşlətmə Lisenziyası) imtahanının “Professional” və “Workforce” proqramları üzrə imtahanı təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan 45 dəqiqə müddətində aparılıb və 2 nəfər iştirak edib. Namizədlər ICDL-in diaqnostika və sertifikat imtahanlarının hər ikisində iştirak ediblər.
Qeyd edək ki, DİM-ə ICDL beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin noyabr ayında verilib və DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.
ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib sertifikat ala bilirlər.
DİM-də təşkil edilən ICDL imtahanları barədə daha ətraflı Mərkəzin saytında yerləşdirilmiş keçiddən əldə etmək olar.