ELM VƏ TƏHSİL
Dövlət orqanlarında 76 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Dövlət orqanlarında noyabrın 4-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən olunub. Elan üzrə 40 dövlət orqanında mövcud olan 76 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 127 namizədlə 131 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsahibələrin noyabrın 29-dan dekabrın 25-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.