İQTİSADİYYAT
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 87,7 faizi yerli investisiyalıdır
![Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 87,7 faizi yerli investisiyalıdır](/files/2024/1/1200x630/17053210623514062076_1200x630.jpg)
Bakı, 15 yanvar, AZƏRTAC
Cari il yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 515 min 306 vergiödəyicisinin 1 milyon 322 min 461-i və ya 87,3 faizi fiziki şəxslər, 192 min 845-i və ya 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, 2022-ci illə müqayisədə vergiödəyicilərinin ümumi sayı 8,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 8,1 faiz, hüquqi şəxslərin sayı 8,8 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 176 min 321 təşkil edib. Kommersiya qurumlarının sayında 9,4 faiz artım qeydə alınıb.
2024-cü il yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu müddət ərzində dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34 min 926 vahid təşkil edib ki, bu da 2023-cü il yanvarın 1-nə nisbətən 14,1 faiz artım deməkdir.
2023-cü ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalıdır.
Ötən il ərzində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,5 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2160 yerli investisiyalı MMC qeydiyyata alınıb. 2023-cü il ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci illə müqayisədə 20,2 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 18,5 faiz artıb.
Həmçinin 2024-cü il yanvar ayının 1-nə 22 min 563 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2023-cü il yanvarın 1-nə nisbətən 10,9 faiz artıb.