“Dövlət qurumlarında Azərbaycan dilinin tətbiqi” mövzusunda elmi-praktik təlim təşkil olunub
Bakı, 21 fevral, AZƏRTAC
21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşlarına “Dövlət qurumlarında Azərbaycan dilinin tətbiqi” mövzusunda elmi-praktik təlim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Könül Axundova dilin hər bir xalqın maddi-mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitə olduğunu söyləyib. O vurğulayıb ki, hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. K.Axundova, həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamına əsasən, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü “Dövlət qurumlarında Azərbaycan dilinin tətbiqi” mövzusunda çıxış edib. O, Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edib, bu sahədə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını xatırladıb. Bildirib ki, dövlətimizin başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.
Dilçi alim vurğulayıb ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” müvafiq qurumlar qarşısında mühüm tələblər qoyur. Qeyd olunub ki, hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Təşkil olunmuş təlimin Dilçilik İnstitutu ilə keçirilməsinin də məqsədi dövlət qulluqçularının dildən düzgün istifadə qaydalarına və normalara əməl etməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları barədə maarifləndirilməsidir.
T.Şükürlü çıxışında rəsmi-işgüzar sənədlərdə ədəbi dilin normalarının qorunması, durğu işarələrindən istifadə, orfoqrafiya və orfoepiya normalarındakı yeniliklər barədə məlumat verib, nümunələrlə fikrini izah edib, eləcə də dövlət qulluqçularının suallarını cavablandırıb.