DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN 87-Cİ İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
Sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül-çiçək düzmüşlər.
Sonra onlar Şəhidlər xiyabanını da ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Həmin gün Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının sərhəd qoşunları fakültəsinin ilk məzunları and içmişlər.
Dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla təltif edilmiş əməkdaşlara ali hərbi rütbələr, orden və medallar, fəxri adların vəsiqələri təqdim olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin komandanı general-leytenant Elçin Quliyev şəxsi heyəti bayram münasibətilə təbrik edərək bildirmişdir ki, avqustun 15-də Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla DSX-nin ştat strukturunda mühüm dəyişikliklər edilmişdir. Hər bir Azərbaycan sərhədçisi Ali baş komandan diqqətinin təzahürü olan bu qərarlarla fəxr edir, sərhəd xidmətində qulluq etməkdən qürur hissi keçirir, bu diqqət və qayğının məsuliyyətini dərindən dərk edir.
Xidmətin rəisi demişdir ki, hazırda qarşımızda duran ən əsas vəzifələrdən biri Prezidentin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsidir. Həmin proqramın böyük hissəsi icra olunmuşdur. Belə ki, 200-dən artıq bina təşkil edən 70-ə yaxın sərhəd zastavası, sərhəd komendantlığı, sərhəd dəstəsi və digər hərbi hissələrdə tikinti işləri aparılmaqdadır və cari ilin sonunadək başa çatacaqdır. Proqram çərçivəsində sərhəd məntəqələrinin müasir texniki avadanlıqla təchiz ediləcəyini deyən Elçin Quliyev vurğulamışdır ki, sərhədçilərin məişət şəraitinin yaxşılaşdırılması, DSX-nin idarəetmə sisteminin təkmilləşdirilməsi, zəruri sərhəd infrastrukturunun yaradılması, dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün imkanların yaradılması və digər mühüm tədbirlər nəzərdə tutulmuşdur.
MTN-nin Akademiyasının sərhəd qoşunları fakültəsinin məzunları adından çıxış edən Azər Qafarov Dövlət Sərhəd Xidmətinin sıralarına daxil olmağın şərəfli olduğunu, xidmət dövründə Vətənə, xalqa və Azərbaycan Prezidentinə sədaqətlə qulluq edəcəklərini bildirmişdir.
Həmin gün Mərkəzi aparatdakı Heydər Əliyev adına Elmi Araşdırma Mərkəzinin nəzdindəki kitabxananın da açılışı olmuşdur. Mərasim iştirakçıları burada yaradılmış şəraiti müsbət qiymətləndirmişlər.
Prezidentin köməkçisi, general-leytenant Vahid Əliyev, nazirlər və digər rəsmi şəxslər, sərhədçi veteranlar mərasimdə iştirak etmişlər.