CƏMİYYƏT
Dövlət və hökumət başçıları “ASAN xidmət” ilə tanış olublar
Bakı, 11 noyabr, AZƏRTAC
Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie və Keniya Respublikasının Baş naziri Musalia Mudavadi “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, şəffaflığın artırılması və innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldüyü, habelə “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qonaqlar “ASAN xidmət” mərkəzinin onlarda yüksək təəssürat yaratdığını bildirib və bu konsepsiyanın ölkələrində tətbiqi ilə bağlı müvafiq qurumlarına yerindəcə tapşırıq veriblər.
Həmçinin qonaqlara “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar “ASAN xidmət”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
Qeyd edək ki, yüksəksəviyyəli qonaqlar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.