DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ XARİCİ ÖLKƏLƏRDƏ DƏ TƏNTƏNƏ İLƏ QEYD EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də geniş qeyd ediləcəkdir.
ABŞ: dekabrın 27-də Nyu-York şəhərindəki “Baku Palace” restoranında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən təntənəli mərasim keçiriləcəkdir. Tədbirdə azərbaycanlı və digər millətlərin diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş və dünya azərbaycanlılarının həmrəyliyini əks etdirən sənədli film nümayiş olunacaq və ziyafət veriləcəkdir.
Azərbaycanın ABŞ-dakı səfirliyi isə həmrəylik gününü dekabrın 28-də qeyd edəcəkdir. Bayram tədbirinə diaspor təşkilatları da qatılacaqlar.
RUSİYA: Dekabrın 28-də Moskvadakı “Bakı” kinoteatrında Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə təntənəli bayram mərasimi təşkil olunacaqdır.
Rusiyanın Novosibirsk və Surqut şəhərlərində də Dünya Azərbaycanlılarının həmrəyliyi günü geniş qeyd ediləcəkdir.
TÜRKİYƏ: Dünya azərbaycanlılarının həmrəyliyi günü Türkiyənin İzmir şəhərində dekabrın 29-da qeyd olunacaqdır. Şəhərin tanınmış Aslancak Mədəniyyət Mərkəzi salonunda soydaşlarımızın yaratdığı “TOY” ansamblı geniş konsert proqramı ilə çıxış edəcəkdir.
UKRAYNA: Dekabrın 27-də paytaxt Kiyevdə yaşayan azərbaycanlılar Azərbaycanın Ukraynadakı səfirliyinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra Ukrayna Azərbaycanlıları Konqresi bayram tədbiri keçirəcəkdir. Mərasimdə bu ölkənin dövlət və hökumət üzvləri, digər diaspor təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.
Çexiya: “Azər-Çex” Cəmiyyətinin təşkilatçılığı ilə dekabrın 28-də Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Çexiyada da silsilə tədbirlər keçiriləckdir.
ESTONİYA: Dekabrın 29-da Estoniyadakı soydaşlarımız, dekabrın 30-da isə Litvanın paytaxtı Vilnüs şəhərindəki soydaşlarımızın bayram tədbirləri planlaşdırılır.
İSRAİL: Dekabrın 29-da Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə İsraildə Azərbaycan mədəniyyət guşəsi açılacaqdır. Bundan əlavə, bayram şənlikləri də nəzərdə tutulmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, əksər diaspor təşkilatları Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə keçiriləcək bayram tədbirlərini dekabrın 31-nə təyin etmişlər.
Dekabrın 31-də Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyəti, İsveçdəki “Odlar Yurdu” və “Bütöv Azərbaycan” təşkilatları, Böyük Britaniyada fəaliyyət göstərən “Kaspian-Xəzri” London-Azərbaycan Məktəbi və yenicə açılmış “Azərbaycan Evi”, Hollandiyadakı “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Avstriya-Azərbaycan Birliyi və Belarus Azərbaycan İcmaları Konqresi və digər təşkilatlar bayram tədbirləri keçirəcəklər.