DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ FUTZAL TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da “Start” İdman kompleksində 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi gününə həsr olunmuş ənənəvi futzal turnirinin bağlanış mərasimi keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi bu turnirdə 1995-1996-cı təvəllüdlü yeniyetmələr, eləcə də veteran futbolçular iştirak edirdi. Tədbirə paytaxtda fəaliyyət göstərən aparıcı idman klublarının və cəmiyyətlərin rəhbərləri və idmançıları, həmçinin ölkənin tanınmış veteran futbolçuları dəvət olunmuşdular.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirmişdir ki, turnirin keçirilməsində məqsəd Prezident İlham Əliyevin respublikada futbolun inkişafı ilə bağlı imzaladığı Dövlət proqramının icrası, uşaqların asudə vaxtlarının təşkilidir. R.Abbasov qeyd etmişdir ki, cari ildə futbol yarışlarına 1700-dən artıq yeniyetmənın cəlb olunması bu idman növünün uşaqlar arasında populyarlığından xəbər verir. İdarə rəisi qalib komandaları təbrik etmiş, onlara idman sahəsində yüksək zirvələr fəth etməyi arzulamışdır.
Yeniyetmə uşaqlar arasında keçirilən turnirin final mərhələsində “İnam” komandası “Səma” kollektivinə 3:1 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur. Üçüncü yer uğrunda mübarizədə isə “Vımpel” “Olimpiya” üzərində 2:0 hesabı ilə qələbə qazanmışdır.
Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin futbol komandası ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilmişdir. Maraqlı mübarizə şəraitində keçən görüş 5:5 hesabı ilə qurtarmışdır.
Turnirin qaliblərinə kubok və hədiyyələr təqdim edilmişdir.