Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edəcək Qırğızıstan nümayəndə heyəti ilə görüş olub
Bişkek, 28 may, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edəcək Qırğızıstan nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Səfir ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının tarixi qurultayının əhəmiyyətindən danışıb, onun azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin diaspor quruculuğu sahəsindəki fəaliyyətini uğurla davam etdirir.
H.Orucov iyunun 3-4-də Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının İV Qurultayı haqqında ətraflı məlumat verib. Bildirilib ki, qurultayında dünyanın 49 ölkəsindən 500-dən çox diaspor təşkilatlarının nümayəndələri iştirak edəcək. O, Qırğızıstandan qurultaya geniş tərkibdə nümayəndə heyətinin dəvət edilməsini bu ölkədə yaşayan soydaşlarımıza göstərilən böyük diqqətin təzahürü kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, Qırğızıstan prezidenti Almazbek Atambayevin göstərişi ilə Prezident Aparatı rəhbərinin müavini, etnik, dini siyasət və vətəndaşlarla əlaqələr şöbəsinin müdiri Mira Karıbayova qurultayda qonaq qismində iştirak edəcək. Qırğızıstan Prezidentinin qurultaya təbrik məktubu ünvanlaması da gözlənilir.
Sonda səfir Hidayət Orucov Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edəcək nümayəndələrə dəvət məktubunu təqdim edib və onlara uğurlar arzulayıb.
Kant şəhər Keneşinin (Məclis) deputatı Rəhim Rəhimov Bakıda keçiriləcək qurultayın dünya azərbaycanlılarının birliyi və həmrəyliyi bayramı olduğunu qeyd edib. O, hər qurultayda iştirak edən dövlətlərin, diaspor təşkilatların sayının artmasının Azərbaycan Prezidenti İlham Əliyevin diaspor quruculuğuna diqqət və qayğısının təcəssümü olduğunu bildirib.
Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, birliyin fəxri sədri Akif Alaferdov, idarə heyətinin üzvləri Mirkazım Bəşirov, Sultan Qasımov və Taxar Quliyev göstərdiyi diqqət və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek