İDMAN
Dünya çempionatının ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda güləşin hər üç növü üzrə yığma komandalarımız mübarizə aparacaqlar.
Mötəbər turnirin ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Azərbaycanı böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilov (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcəklər.
Yarışın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Çempionatda Ziyad Zeynalovun ilk rəqibi ermənistanlı Sergey Simonyan olacaq. Mikayıl Rəhmanov çinli Kaiven Bai, Zubair Dibirov Gürcüstan təmsilçisi Temuri Tçkuaselidze, Nizami Şəmilov isə Xorvatiya pəhləvanı Vjekoslav Luburiç ilə qarşılaşacaqlar.
Gənc qızların yarışında dörd güləşçimiz mübarizə aparacaq. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıblar. Qızlarımız sentyabrın 1-2-də xalça üzərinə çıxacaqlar.
Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcəklər. Heyətdə Əlabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) yer alıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Mundiala sentyabrın 4-də yekun vurulacaq.