DÜNYA KUBOKU BRAZİLİYAYA GƏTİRİLMİŞDİR
İndiyədək hələ heç vaxt kiçik bir otağa - fəxri qənimətin nümayiş etdirildiyi yerə bu qədər dünya çempionu toplaşmamışdı: Mario Zaqallo, Nilton Santus, Bebeto və onlarca braziliyalı top sehrbazı. Onlar Braziliya yığmasının artıq iki dəfə - 1994-cü və 2002-ci illərdə qazandığı Qızıl Kubokun önündə həvəslə şəkil çəkdirirdilər. FİFA-nın sabiq prezidenti Joao Avelanj jurnalistlərə bildirmişdir ki, Braziliya Almaniyada keçiriləcək qarşıdakı dünya çempionatına ümidlə baxır. Dünya Kuboku-2006 onun ölkəsinə altıqat çempion adı gətirə bilər.
FİFA Kuboku alaqaranlıq otaqda zirehli şüşədən olan xüsusi silindrə qoyulmuşdur. Qənimət xüsusi ayıq-sayıqlıqla qorunurdu. Çox ciddi təhlükəsizlik sisteminə əsasən, otağa daxil olan hər bir kəsin üst-başı diqqətlə yoxlanılırdı. Kubokun mühafizəsi üçün Braziliya ordusunun xüsusi bölməsi ayrılmışdı.
Məlum olduğu kimi, 1970-ci ildə Braziliya komandasının əbədi qazandığı və daha çox “Qızıl ilahə” adı ilə tanınan Jül Rime Kuboku 1980-ci illərdə Rio-de-Janeyroda, Braziliya Futbol Konfederasiyasının ciddi surətdə qorunan iqamətgahından oğurlanmışdı. Onun sonrakı taleyi məlum deyildir. Lakin Braziliyada hesab edirlər ki, Kubok əridilərək, qızıl qırıntı kimi satılmışdır.
FİFA Kuboku yanvarın 22-də San-Paulunun ən dəbdəbəli mehmanxanası olan “Transamerika” hotelində nümayiş etdiriləcəkdir.