Dünya üçüncüsü olan Azərbaycan güləşçisi: Əsas hədəfim çempionluq idi
Bakı, 28 iyul, AZƏRTAC
Əslində mən bu yarışa qızıl medal qazanmaq üçün gəlmişdim, əsas hədəfim çempionluq idi. Təəssüf ki, dünən yarımfinalda buraxdığım bəzi səhvlərə görə məğlub oldum. Rəqibim məndən zəif idi, sadəcə, arxayınlıq məğlubiyyətə gətirib çıxardı. İnşallah, daha çox çalışıb gələn il bürünc medalı qızılla əvəz etməyə çalışacağam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
İdmançı yarımfinaldakı məğlubiyyətinin səbəblərinə toxunub: “Xalçada bir fənddə qolumu açıq saxlamışdım. Bir anlıq diqqətsizlik etdim, rəqib də bundan istifadə edərək fənd tətbiq etdi. Nəticədə hesab 2:1 oldu və məğlubiyyətlə barışmalı oldum”.
O, medal görüşünə yaxşı kökləndiyini vurğulayıb: “Xalçaya tam hazır çıxmışdım ki, ən azından üçüncü yeri tutum, yarışı medalsız başa vurmayım. Şükürlər olsun ki, məqsədimə çatdım və bürünc medala sahib oldum”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.