DÜNYANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINA LAYİQLİ TÖHFƏ
Bu yaxınlarda ömrünün 8-ci onilliyinə qədəm qoyan professor A.Əliyev ümummilli lider Heydər Əliyevin tapşırığı ilə “Əsrin müqaviləsi”nin hazırlanmasında iştirak edən ilk ekspertlər qrupunun üzvü olmuşdur. Onlar okeanın o tayında, habelə dünya neft elitasına daxil olan şirkətlərin nümayəndələri ilə Azərbaycanın Prezidentimiz tərəfindən irəli sürülən mövqeyini müdafiə edirdilər.
Akif müəllim demişdir ki, Heydər Əliyevin memarı olduğu BTC-nin işə salınması yeni neft strategiyasının təntənəsidir. O xüsusi vurğulamışdır ki, ümummilli liderimiz layihənin hazırlanması və əsaslandırılmasında, kəmərin marşrutunun seçilməsində, onun tikintisinə dünyanın aparıcı şirkətlərinin cəlb olunmasında qeyri-adi iradə və qətiyyət nümayiş etdirərək, BTC-nin əleyhdarlarının həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda törətdikləri bütün əngəllərə və fitnələrə müqavimət göstərmişdir. BTC-nin tikintisinin başa çatmasının bütün məsuliyyəti isə Prezident İlham Əliyevin öhdəsinə düşmüşdür. O, atasının siyasətini davam etdirərək, Azərbaycanın strateji əhəmiyyətini yüksək səviyyəyə qaldırmışdır.
Hazırda Ceyhan terminalından Azərbaycan neftini daşıyan 9-cu tanker yola düşmüşdür, 6 milyon barreldən çox neft Xəzər sahillərindən artıq Aralıq dənizinə çatdırılmışdır. A.Əliyev əmindir ki, kəmərlə, gözlənildiyi kimi, gündə 1 milyon barrelədək neftin nəqli çox da uzaqda deyildir. Azərbaycanın enerji daşıyıcılarının beynəlxalq bazarlara çıxarılması artdıqca, dünyada karbohidrogenlərdən istifadənin çoxalan həcmlərində onun xüsusi çəkisinin, müvafiq olaraq, bütövlükdə dünya neft siyasətinə təsiri də yüksələcəkdir.
Əlamətdar haldır ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin təntənəli açılış mərasimi “Böyük səkkizlik” ölkələrinin Sankt-Peterburqda keçirilən zirvə görüşü ilə bir vaxta düşmüşdür. Görüşdə “Qlobal enerji təhlükəsizliyi” adlı fəaliyyət planı qəbul edilmişdir. Professor A.Əliyevin fikrincə, bu, dünya enerji təhlükəsizliyi sahəsində bir çox məsələləri həll etməyə imkan verən konstruktiv və mühüm mexanizm, bir növ strateji proqramdır. Xəzərdə karbohidrogen hasilatının artırılmasında əldə edilmiş misilsiz uğurun, Heydər Əliyev adına BTC kimi dünya səviyyəli nəqliyyat infrastrukturunun yaradılmasının əhəmiyyətini bu baxımdan qiymətləndirmək çətindir.
Azərbaycan Prezidenti İlham Əliyev BTC-nin açılış mərasimində xüsusi vurğulamışdır: “Təhlükəsizlik tədbirləri, regional əməkdaşlıq, sülhün bərqərar olunması - bütün bunlar bölgə üçün lazımdır”.
Professor A.Əliyev söhbətin sonunda demişdir ki, dünyanın aparıcı siyasətçiləri və mötəbər mütəxəssisləri Azərbaycanın enerji bazarlarının şəffaflığının, öncəgörümlülüyünün və sabitliyinin artması, enerji sektorunda sərmayə mühitinin yaxşılaşdırılması, həyati vacib enerji infrastrukturunun təhlükəsizliyinin təmin olunması yolu ilə qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini vermək niyyətini yüksək qiymətləndirirlər.