MƏDƏNİYYƏT
“Əbədi ezamiyyət” filmi Düşənbədə nümayiş etdirilib
Düşənbə, 31 oktyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin yaradıcı heyətinin gərgin əməyi sayəsində ərsəyə gələn “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbədəki “Tacikfilm” kinostudiyasının geniş salonunda nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubiley tədbirləri çərçivəsində keçirilən təqdimat mərasimində diplomatlar, Tacikistan Milli Universitetinin və Rusiya-Tacikistan Slavyan Universitetinin müəllim və tələbələri, yerli ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, Düşənbə şəhərində yaşayan azərbaycanlılar iştirak edib.
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, bu sənədli film müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında misilsiz xidmətlər göstərən, bu şanlı yolda min bir məşəqqətlərə sinə gərən, əqidələrindən dönməyən, 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam edilən Vətən oğullarının fədakarlıqlarından, keşməkeşli talelərindən və qürbətdə bitən ömür yollarından bəhs edir.
1918-1920-ci illər ərzində istiqlalın və müstəqilliyin müqəddəsliyini xalqına aşılayan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayan H.Məmmədzadə, AXC-nin xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasındakı və gənc nəsildə vətənpərvərlik ideyalarının yaranmasındakı böyük rolu barədə ətraflı məlumat verib. Səfir həmçinin qeyd edib ki, xalqımızın müstəqillik tarixinin nisbətən qaranlıq qalan səhifələrindən birinə işıq saçan, azadlıq mücahidlərinin xatirəsinə Azərbaycan dövlətinin hörmət və ehtiramını göstərərək bu filmə baxan hər kəs Azərbaycanın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olmaq imkanı qazanacaq.
Sonra geniş ekranda film nümayiş etdirilib. Sənədli film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişi ilə bağlı yerli mətbuatda yazılar dərc edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə